17.11.2017-ci il tarixdə Xocalı rayon Kosalar kənd Mədəniyyət evində "Mərhəmət" İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin maliyyə dəstəyi ilə "Sağlamlıq imkanları məhdud uşaqların sosial reabilitasiyası" layihəsi çərçivəsində Gəncə şəhəri Yeni qəsəbə-2-də məskunlaşan fiziki qüsurlu, həkimə və psixoloji köməkliyə ehtiyacı olan uşaqlarla görüş keçirildi.
Görüşdə qəsəbə ictimaiyyətinin nümayəndələri, fiziki qüsurlu uşaqlar və onların valideynləri iştirak etdilər.
"Mərhəmət" İctimai Birliyinin sədri İradə Polad birliyin fəaliyyətindən danışdı. Bildirdi ki, ictimai birlik 6 rayonda fəaliyyət göstərir və həmin rayonlarda mərkəzlər təşkil edilib. Layihənin məqsədi 0-18 yaş arası sağlamlıq imkanları məhdud olan uşaqlara sosial reabilitasiya xidmətləri göstərməkdir. Keçirilən təlimlərdə uşaqların asudə vaxtının səmərəli istifadə edilməsi, cəmiyyətə uyğunlaşdırılması, istedadların aşkarlanması kimi vəzifələr icra ediləcək. Evdə oturmaqla problemləri həll etmək olmur. Bu layihə uşaqların ümidli gələcəyinə doğru atılmış addımdır. Sakinlər arasında oktyabr ayının 10-dan sorğu keçirilmişdi. Layihə 31 dekabra qədər davam etsə də, bundan sonra da fəaliyyətimiz səmərəli olacaq və bizə ünvanlanan bütün müraciətləri həll etməyə çalışacağıq. Biz dövlətimizin yaratdığı şəraitdən düzgün istifadə etməli və I vitse - prezident Mehriban Əliyevanın gördüyü xeyirxah işlərdən örnək almalıyıq.
Qəsəbə sakinləri ictimai birliyin həyata keçirdiyi layihəni yüksək dəyərləndirdi və birliyin əməkdaşlarına təşəkkürlərini bildirdilər.
Sonda qəsəbədə təşkil edilən mərkəzdə sağlamlıq məhdudiyyətli uşaqların qəbulu keçirildi.